Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində korrupsiya faktı üzrə 30 cinayət işi ilə bağlı istintaq gedir. Bu barədə baş prokuror Zakir Qaralov məlumat verib.
“Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində korrupsiya və rüşvətxorluq halları ilə bağlı 30 cinayət işi araşdırılır”,- deyə Z. Qaralov bazar ertəsi jurnalistlərə bildirib.
O qeyd edib ki, 2007-ci ilin ötən 11 ayı ərzində adı çəkilən idarə 56 şəxsə münasibətdə 29 cinayət işini baxılması üçün məhkəməyə göndərib.
“Bunlar müxtəlif rüşvətxorluq, vəzifə cinayətləri və vəzifə səlahiyyətlərindən süi-istifadə edilməsi ilə bağlı işlərdir”,- deyə baş prokuror əlavə edib.
Z. Qaralov bildirib ki, ölkədə korrupsiya ilə mübarizənin möhkəmləndirilməsi çərçivəsində korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və korrupsiya halları ilə bağlı məlumat bazasının yaradılması planlaşdırılır.