Birləşmiş müxalifətin nümayəndələri xaricdə olan Gürcüstan vətəndaşlarına müraciət edərək onları 2008-ci il yanvarın 5-də keçiriləcək prezident seçkilərində iştiraka çağırıb.
“İndiki hakimiyyət xaricdəki seçicilərin səs verməsini məhdudlaşdırmaq üçün hər şeyi edib. Odur ki, biz soydaşlarımızı Gürcüstandakı ailələrinin vasitəsilə öz səslərini müdafiə etməyə çağırırıq ki, manipulyasiya yolu ilə bu səslər hakimiyyət namizədinə verilməsin”,-deyə birləşmiş müxalifətin liderlərindən biri, keçmiş xarici işlər naziri Salome Zurabişvili çərşənbə axşamı brifinqdə bildirib.
O qeyd edib ki, bu gün milyondan çox seçici (Gürcüstanda cəmi 3,3 mln. seçici qeydiyyata alınıb) ölkə hüdudlarından kənardadır.
“Bir çox səbəblər üzündən onlardan çoxu seçkilərdə iştirak edə bilməyəcək. İndiki hakimiyyət isə öz namizədi Mixail Saakaşvilinin dəstəklənməsi üçün onların səslərindən istifadə etməyə çalışır”,-deyə S.Zurabişvili qeyd edib.
Birləşmiş müxalifətdən prezidentliyə namizəd Levan Qaçeçiladze çərşənbə axşamı Tiflisdə ABŞ səfiri Con Tefftlə görüşüb.
O, xaricdəki Gürcüstan vətəndaşlarının səsvermə problemi barədə diplomata məlumat verib. L.Qaçeçiladzenin sözlərinə görə, D.Tefft bu problemə diqqət yetirəcəyini vəd edib.
“Bu gün Gürcüstan seçicilərinin təxminən üçdə biri müxtəlif ölkələrdədir və onların heç də hamısı həmin ölkələrdə qanuni əsaslarla yerləşməyib. Odur ki, səfirliklərdə qeydiyyatdan keçib seçkilərdə iştirak etməkdən ehtiyatlanırlar”,-deyə L.Qaçeçiladze vurğulayıb.