Azərbaycanın Daxili Qoşunları hərbi hazırlıq səviyyəsinə görə MDB-də ən yaxşılarından biridir. RF Daxili Qoşunlarının baş qərargah rəisinin müavini, avtomatlaşdırılmış rabitə idarəsinin rəisi Aleksey Miroşnikov belə hesab edir.
“Məncə, Azərbaycan Daxili Qoşunları MDB-nin Belarus və Qazaxıstan kimi ölkələrinin daxili qoşunları ilə bir cərgədə durur. Qalanları (MDB ölkələrinin daxili qoşunları – İF-Az.) bir az zəifdirlər”,- deyə A. Miroşnikov çərşənbə günü Bakıda azərbaycanlı həmkarı ilə görüşündən sonra “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən bildirib.
O, Rusiyanın bu üç ölkə ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
A. Miroşnikov iki ölkənin daxili qoşunları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. “Bizim aramızda sıx münasibətlər mövcuddur. Biz mütəmadi olaraq fikir və nümayəndə heyətlərinin mübadiləsini aparırıq. Bundan əlavə hesab edirəm ki, Azərbaycanın daxili qoşunlarından öyrənə biləcəyimiz çox şey var. Lakin eyni zamanda biz öz tərəfimizdən praktiki fəaliyyətdə həyata keçirdiyimiz təcrübəmizlə paylaşa bilərik”,- deyə o qeyd edib.
A. Miroşnikov bildirib ki, “Azərbaycanda, eləcə də Rusiyada sadəcə terrorçu deyil, beynəlxalq səviyyəli terrorçular kimi böyük bir bəla var. Ölkələrimizin daxili qoşunları da vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ölkənin daxili düşmənlərdən müdafiə edilməsi və ictimai asayışı təmin etmək üçün nəzərdə tutulub”.
Öz növbəsində, DİN Daxili Qoşunlar komandanı Zakir Həsənov RF daxili qoşunları ilə olan münasibətlərin səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkənin bu qurumları arasındakı münasibətlər 2006-cı ilin dekabrında Azərbaycan və Rusiya arasında imzalanmış əməkdaşlıq haqqında protokola əsasən inkişaf edir.