Azərbaycan Memarlar İttifaqı (AMİ) İdarə Heyətinin çərşənbə günü keçirilən iclasında peşə etikası Məcəlləsi və peşə etikası kollegiyasının tərkibi təsdiqlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə qurumdan məlumat verilib.
“Kollegiyanın əsas vəzifələrindən biri peşəkar memarın öz peşəsinə münasibətinə dair məsələlərin öyrənilməsi, həmçinin memarla sifarişçi və ya hansısa digər ictimai təşkilat və ya dövlət qurumu arasında yaranan narazılığın və ya anlaşılmazlığın aradan qaldırılmasıdır”,-deyə AMİ-dən bildirilib.
İclas zamanı təcrübəli mütəxəssislərdən ibarət ekspert qrupunun yaradılması barədə qərar qəbul olunub. Rəy əsasında Azərbaycan şəhərlərinin xarici görünüşünə dair yeni layihələrin ictimai müzakirəsi aparılmalıdır.
Bundan əlavə, iclasın yekunlarına əsasən Azərbaycan Memarlar İttifaqının Rəyasət Heyətinin tərkibi təsdiqlənib, AMİ yanında Memarlıq Fondunun təsdiq olunması, həmçinin 2008-ci ildə Bakıda beynəlxalq memarlıq festivalının keçirilməsi barədə qərar qəbul edilib.
İclas zamanı həmçinin Memarlar İttifaqına yeni qəbul qaydaları, üzvlük haqlarının toplanması mexanizminə dəyişikliklər təsdiqlənib. Əsasən AMİ üzvü olan, lakin təqaüdə çıxan memarların üzvlük haqqı ödəməkdən azad edilməsi barədə qərar qəbul olunub.