Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın 14-cü iclasında hər iki ölkənin dövlət sərhədinin daha bir ərazisi razılaşdırılıb. Komissiyanın Azərbaycan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iclasın yekunları üzrə bəyan edib ki, bir ərazi üzrə razılıq əldə olunub, digər iki ərazinin razılaşdırılması üzrə isə böyük irəliləyişlər var.
"Biz Rusiyada keçiriləcək növbəti iclasda baxılmaq üçün bu ərazilər (razılaşdırılmamış - İF) üzrə çox yaxşı zəmin hazırlamışıq", - deyə o qeyd edib.
X.Xələfov ümidvar olduğunu bildirib ki, Azərbaycan və Rusiya ekspertlərinin növbəti görüşü iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə işi yekunlaşdırmağa imkan verəcək.
Komissiyanın Rusiya tərəfdən həmsədri, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenko da iclasın yekunlarından razı qaldığını və “işin başa çatdırılması üçün yaxşı imkanlar yarandığını" qeyd edib.
Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə komissiyanın 14-cü iclası dekabrın 19-20-də Bakıda keçirilib.