Azərbaycanın bir sıra ümumtəhsil məktəblərinin direktorları yol verdikləri pozuntulara görə cəzalndırılacaqlar. Bu barədə təhsil naziri Misir Mərdanov bəyan edib.
“Bakı, Sumqayıt və Abşeron rayonunun 356 məktəbində aparılan monitorinq təhsil prosesinə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində ciddi pozuntulara yol verildiyini aşkarlayıb. Bununla əlaqədar olaraq bir sıra məktəb direktorlarına münasibətdə ciddi sanksiyalar tətbiq olunacaq”,-deyə M. Mərdanov çərşənbə günü nazirliyin respublikanın ümumtəhsil məktəblərində İKT-nin tətbiqi üzrə monitorinqin nəticələrinə həsr olunan geniş kollegiyasında bildirib.
Monitorinq nazirlik tərəfindən “Ümumtəhsil məktəblərin İKT ilə təmin olunması” (2005-2007-ci illərdə) dövlət proqramının yekunlarına əsasən keçirilib. Nazirin sözlərinə görə, Bakı və Abşeronun 304 məktəbində aparılan monitorinq zamanı məlum olub ki, onların dördündə dövlət tərəfindən verilən kompüter avadanlıqları ümumiyyətlə yoxdur, 31 məktəbdə avadanlıqlar quraşdırılmayıb, 12 məktəbdə kompüterlər təhsil məqsədilə istifadə olunmur, beş məktəbdə guya təhlükəsizlik məqsədilə kompüterlər məktəb direktorlarının evində saxlanılır, 15 məktəbdə direktorlar kompüterdən istifadə olunmasına icazə vermir, 24 məktəbdə isə kompüter sinifləri şagirdlər üçün bağlıdır.
“Bütün bu faktlar təəssüf doğurur. Mən mövcud vəziyyətə mənfi yanaşıram və bildirirəm ki, bu nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək”,- deyə M. Mərdanov qeyd edib.
O, məktəblərin 2005-2007-ci illərdə İKT ilə təmin olunmasını nəzərdə tutan üç illik proqram çərçivəsində respublika məktəblərinə 31677 kompüter, 1103 noutbuk və proyektorlar, 2059 UPS, 2060 printer, eləcə də 28661 kompüter masası, 23346 stul verildiyi barədə məlumat verib. Nazirin sözlərinə görə, bu illər ərzində Azərbaycan məktəblərində 1722 kompüter sinfi yaradılıb, 1851 şəbəkə avadanlığı quraşdırılıb. Bununla yanaşı, məktəblərə fizika, kimya, biologiya və Azərbaycan tarixi üzrə elektron dərsliklər hazırlanaraq paylanılıb və 14 min müəllim üçün İKT üzrə treninqlər keçirilib.
Hazırda nazirlik tərəfindən 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə yeni dövlət proqramı hazırlanıb. Proqram şəbəkə infrastrukturunun inkişafını, sürətli İnternetin təmin olunmasını, məktəbəqədər müəssisələrdə, texnikumlarda və s-də İKT-nin tətbiqini nəzərdə tutur.