Azərbaycan Dillər Universiteti ABŞ, Koreya və Norveçin aparıcı ali məktəblərilə kredit-modul qiymət sistemi üzrə təhsil alan tələbələrin mübadiləsi haqqında sazişlər imzalayıb. Bu barədə universitetin rektoru Səməd Seyidov Azərbaycanda Boloniya prosesinin tətbiqinə həsr olunmuş elmi-təcrübi konfransda məlumat verib.
"Azərbaycan Dillər Universitetində Boloniya prosesinin tətbiqi təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin inkişafına təkan verib və tələbələrimiz üçün yeni imkanlar açır. Bundan sonra onlar kredit sistemi üzrə təhsillərini xarici ölkələrin ali məktəblərində davam etdirə biləcəklər", - deyə o bildirib. Kredit-modul sisteminə əsasən, universiteti uğurla bitirmək üçün müəyyən sayda məqbul vahidlər – kreditlər toplamaq lazımdır. Onları Boloniya prosesinin iştirakçısı olan ölkələrin müxtəlif ali məktəblərində hiss-hissə almaq olar. Boloniya islahatının tətbiqi azərbaycanlı tələbələrə xaricə səyahət etmək, təhsil almaq və heç bir maneə olmadan işə düzəlmək imkanı verir. Belə ki, vahid nümunəli diplomlar Boloniya sazişinin bütün iştirakçı ölkələri tərəfindən tanınacaq. Azərbaycanda Boloniya proseseinin həyata keçirilməsini dəstəkləyən rektor qeyd edib ki, "Boloniya islahat prinsipləri ali məktəblərin diplomlarının ikitərəfli tanınmasına imkan verir ki, bu da respublika, təhsil sisteminin çevikliyi, Azərbaycan təhsil sisteminin dünya təhsil birliyinə inteqrasiyası üçün olduqca vacibdir".
"Hazırda Dillər Universitetinin 4200 tələbəsindən 2220-si kredit sisteminə keçib. Onların hər biri fərdi təhsil proqramına malikdir. Düşünürəm ki, bu gün Azərbaycanın ali məktəbləri respublikada Boloniya prosesinin tətbiqini ləngidən səbəbləri üzə çıxarmalı və onların aradan qaldırılması ilə bağlı tədbirlər görməlidir", - deyə S.Seyidov vurğulayıb.
Respublika Təhsil Şurasının təşəbbüsü ilə keçirilən konfrans çərçivəsində ali məktəb rektorları çıxış edəcək, ölkədə Boloniya prosesinin həyata keçirilməsi zamanı yaranan problemlər müzakirə olunacaq.
Azərbaycan Boloniya prosesinə 2005-ci ilin mayında qoşulub.