Nəqliyyat nazirliyi 2008-2011-ci illər ərzində Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər planı hazırlayıb. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov çərşənbə günü prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki çıxışında bəyan edib.
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı çərçivəsində 9 körpünün və 13 piyada keçidinin tikilməsi planlaşdırılıb. Bu müddət ərzində bütövlükdə 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilib. Bu proqram çərçivəsində qalan digər işlər cari ilin sonuna qədər bitəcək”,- deyə Z. Məmmədov bildirib. Onun çıxışının mətni rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, bu proqramın davam etdirilməsi üçün Nəqliyyat Nazirliyi 2008-2011-ci illəri əhatə edən əlavə tədbirlər planı hazırlayıb. O cümlədən əlavə tədbirlər çərçivəsində 2012-ci ildə Bakıda 30 yol ötürücüsü, 14 piyada keçidi, 7 çoxmərtəbəli avtomobil dayanacağı və 96 km uzunluğunda avtomobil yolunun tikintisi planlaşdırılıb.
Bununla yanaşı, 2008-ci ildə 10 piyada keçidinin istismara verilməsi nəzərdə tutulub.
Nazir əlavə edib ki, 2004-2007-ci illərdə regionlarda 1,973 min km uzunluğunda 35 körpü tikilib. “Hazırda regionlarda 5 körpünün tikintisi davam etdirilir. 2009-2012-ci illərdə isə regionlarda 45 körpü tikiləcək və bərpa olunacaq”,- deyə Z. Məmmədov bildirib.