Azərbaycan hökuməti sosial reabilitasiya mərkəzlərində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi qaydalarını təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Hökumətin qərarı ilə yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların yaşayış yerində, təhsil müəssisələrində, iş yerlərində sosial statuslarının bərpa edilməsində yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və digər qanuni nümayəndələrinə sosial, psixoloji və digər köməklik göstərilməsi, yetkinlik yaşına çatmayanların ailələrinə qayıtması üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri tərəfindən tədbirlərin görülməsi nəzərdə tutulur”,-deyə cümə axşamı Nazirlər Kabinetindən bildirilib.
Təsdiq edilmiş qaydalara əsasən həyatda çətin vəziyyətə düşmüş və təcili dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanlara sosial reabilitasiya mərkəzlərində yardım göstərilir. Həmin mərkəzlərdə yetkinlik yaşına çatmayanlar pulsuz yemək, geyim, sanitariya-gigiyena normalarına uyğun şəraitlə təmin olunmalı, onlara tibbi, psixoloji və hüquqi yardım göstərilməlidir. Sosial təhlükəli vəziyyətdə olan ailələrə psixokorreksiya yardımı göstərilməli, yetrinlik yaşına çatmayanların ailəyə qaytarılmasına yardım göstərilməlidir.