Maliyyə Nazirliyi aprelin 1-də Bakı Fond Birjasında 5 mln. manat məbləğində DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Hərraca nominal dəyəri 200 manat olan 10501520S seriyalı 25 min istiqraz çıxarılacaq. Kağızların tədavül müddəti 364 gün, ödəmə tarixi 31 mart 2009-cu ildir. DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli ərizələr hərraca buraxılır.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir. DQİ emissiyası inflyasiya proseslərini tənzimləyən bank sektorunda izafi manat likvidliyini minimallaşdırmaq məqsədilə buraxılır.
2008-ci ildə Maliyyə Nazirliyi 1,2 mlrd. manat məbləğində DQİ yerləşdirməyi planlaşdırır.