Rusiya və Gürcüstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq şərtlərilə bağlı danışıqları praktiki olaraq başa çatdırıblar. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili məlumat verib.
"Biz praktiki olaraq bütün məsələlərlə bağlı razılığa gəlmişik. Cənubi Osetiyanın Rusiya ilə sərhəddində birgə gömrük postlarının açılması barədə məktublaşmışıq. Bunu etmək asandır. Avropa İttifaqı bunu artıq heç bir problem olmadan Ukrayna ilə Dnestryanı sərhəddində edib", - deyə M.Saakaşvili bazar ertəsi “Kommersant” qəzetində dərc olunan müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya tərəfinin gömrük postlarının açılması barədə razılığı RF İqtisadi İnkişaf Nazirliyinin rəsmi məktubunda qeyd olunub. "Və Rusiya hökumətindən heç kim buna etiraz etməyib. Bu, Moskvanın rəsmi mövqeyini qəti müəyyən edir", - deyə prezident qeyd edib.
Rusiya ilə Gürcüstan arasında NATO ilə bağlı fikir ayrılıqlarına toxunan M.Saakaşvili bildirib ki, bu məsələləri həll etmək “məhz Gürcüstanın NATO-ya yaxınlaşacağı vaxtda həll etmək daha asan olacaq". "Mən istəmirəm ki, Dmitri Medvedyev köhnə problemlərlə yüklənmiş halda vəzifəsinin icrasına başlasın. Mən anlayıram ki, Vladimir Putin hər halda çox şey həll etməli olacaq. Lakin Medvedyevlə hər şeyi ağ vərəqdən başlamaq lazım gələcək. Çünki yeni seçilmiş prezident uydurma deyil, real problemlərdən danışır, bu çox müsbət haldır. Bu mənada mənim və Rusiyanın bəxti gətirib", - deyə M.Saakaşvili bildirib. O həmçinin hesab edir ki, Gürcüstanın NATO-ya üzvlüyü bu məsələ ilə bağlı Moskvanın mövqeyinə baxılmadan qəbul edilməlidir. "Əgər onlar (NATO ölkələri - İF) Rusiyanın yaxşılığını istəyirlərsə, belə də etməlidirlər. Çünki bəzi siyasətçilər hansısa opportunist təfəkkürdən çıxış edərək tanınmamış respublikaları dəstəkləyən bəyanatlarla çıxış edirlərsə, onlar artıq RF-ni elə bir qarmaqarışıqlığa sürükləyirlər ki, oradan çıxmaq çox çətin olacaq", - deyə prezident qeyd edib.M.Saakaşvili bildirib ki, bütün bu bəyanatlar sadəcə söz deyil ". "Bu odla oynamaqdır. Qafqazda bəyanatlardan avtomat və pulemyotlardan atılan atəşədək çox az məsafə var. Bunu yadda saxlamaq lazımdır", - deyə o bildirib. Prezidentin sözlərinə görə, "prezident Putinlə sonuncu görüşdə (MDB-nini fevral sammitində - İF) mənə aydın şəkildə vəd edildi ki, Rusiya heç vaxt Abxaziya və Cənubi Osetiyanı tanımayacaq".