“Rusiya Dəmir Yolları” ASC, İran Dəmir Yolları və Azərbaycan Dövlət Dəmir Yolu Rusiya Dəmir Yolu idarəsinin prezidenti Vladimir Yakuninin İrana səfəri çərçivəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Hər üç ölkənin dəmir yolu idarələri arasında qarşılıqlı anlaşma haqqında üç tərəfli memorandum imzalanıb. Tərəflər memorandum çərçivəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) sahəsində dəmiryolu xətlərinin çəkilməsi layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.
Üçtərəfli işçi qrupu bir ay ərzində konsepsiyanın və texniki-iqtisadi əsasnamənin işlənməsi üçün zəruri materialları hazırlamalıdırlar. Şirkətin materiallarında qeyd edilir ki, bu nəqliyyat xəttinin istifadəsi Helsinkidən Hind okeanına qədər 20 milyon tondan az olmayan həcmdə əlavə yük daşımaq imkanı verəcək.
Bundan əlavə, Rusiya və İran dəmir yolu idarələri arasında qarşılıqlı anlaşma haqqında iki tərəfli memorandum imzalanıb. Memorandum çərçivəsində Rusiya Dəmir Yolu idarəsinin İran ərazisindəki infrastruktur layihələrdə ( Tehran-Məşhəd və Bəfq-Bəndər-Abbas dəmir yolu xətlərinin elektrikləşdirilməsi) iştirakının əsas perspektivləri nəzərdən keçirilib.