Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlılq Proqramının (CAREC) iştirakçısı olan ölkələrin nəqliyyat və ticarət infrastrukturlarının inkişafına $31 mlrd. 940 mln. manat məbləğində sərmayə yatırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
“Bu gün Bakıda nəqliyyat və ticarətin inkişaf strategiyası üzrə Fəaliyyət Planının ilkin variantı üzrə iki günlük məsləhətləşmələr başlayıb”,- deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına artıq $12 mlrd. 575,5 mln. sərmayə yatırılıb. “Qiymətləndirmələrə görə, uzunmüddətli perspektivdə bu məqsədlər üçün yatırılacaq əlavə sərmayələrin dəyəri $19 mlrd. 365,1 mln. təşkil edəcək”,- deyə o qeyd edib.
Mənbə əlavə edib ki, fəaliyyət planına əsasən proqramın iştirakçısı olan 8 ölkədə nəqliyyat və ticarət sahələrində 81 investisiya layihəsinin (23 layihə artıq tamamlanıb - İF) həyata keçirilməsi planlaşdırılıb.
Sərmayənin böyük hissəsi - $15 mlrd. 286,4 mln. (o cümlədən artıq yatırılmış $9,55 mlrd. məbləğində investisiya) avtomobil yolları sahəsindəki layihələrin həyata keçirilməsinə, $14 mlrd. 500,5 mln. ($2 mlrd. 553 mln. yatırılıb) dəmiryollarının yaxşılaşdırılmasına, $500 mln. ticatərin inkişafına dəstəyə yönəldilib.
Mənbə qeyd edib ki, proqrama cəlb edilən ölkələr 55 texniki yardım layihəsinin həyata keçirilməsi üçün nəqliyyat və ticarətin inkişafına $66,6 mln. ($3,7 mln. məbləğində 4 layihə artıq həyata keçirilib) alacaqlar.
Plana əsasən, 2008-2010-cu illərdə Azərbaycan cənub istiqamətində (İranla sərhədə qədər-İF) avtomobil yolu infrastrukturunun yaxşılaşdırılmasına $549,9 mln. məblğində investisiya cəlb edəcək. Bundan əlavə, Şərq-Qərb avtomobil magistralı çərçivəsində (Gürcüstanla sərhədə qədər) avtomobil yolu infrastrukturunun yaxşılaşdırılmasına yatırılacaq əlavə sərmayələrin həcmi $93,2 mln. təşkil edəcək.
Azərbaycan 2008-2011-ci illərdə dəmiryolu infrastrukturunun yaxşılaşdırılmasına $1 mlrd. 275 mln. məbləğində, 2010-2013-cü illərdə yeni bərələrin alınmasına $69 mln. sərmayə yatırılmasını planlaşdırır.
CAREC 1997-ci ildə yaradılıb, məşləhətçi forumdur. Əsas fəaliyyət istiqamətləri ticarət əlaqələri, energetika və nəqliyyat infrastrukrunun inkişafına dair birgə layihələrinin reallaşmasından ibarətdir. Hazırda Asiya İnkişaf Bankı tərəfindən irəli sürülən CAREC proqramı Azərbaycan, Çin, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Monqolustana şamil edilir.