Azərbaycan hökuməti vətəndaşların dini azadlıqlarının təminatına böyük diqqət yetirir. Bu barədə prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.
“Bu gün ölkədə müxtəlif dinlərin yüzlərlə nümayəndəsi yaşayır, cəmiyyətin müxtəlif təbəqələrinin öz dini-mənəvi dəyərlərinə malik olması üçün hüquqi baza təmin olunub və müxtəlif dini konfessiyalar üçün bütün lazımi şərait yaradılıb”,-deyə R.Mehdiyev çərşənbə axşamı “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimat mərasimində məlumat verib. Kitab Asiya Müsəlmanları Komitəsinin sədri Adil Əl-Falah tərəfindən hazırlanıb.
R.Mehdiyev qeyd edib ki, Azərbaycanda etnik rəngarəngliyin qorunub saxlanmasında, bu ərazidə müxtəlif konfessiyaların dinc yanaşı yaşamasında İslam dini mühüm rol oynayıb.
“Yüz illərdir ki, burada müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayıb və indiyədək heç zaman dini zəmində münaqişə baş verməyib”,-deyə R.Mehdiyev vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə isə dini sabitliyin və etiqad azadlığının bərpasında eks-prezident Heydər Əliyevin böyük rolunu qeyd edib.
“Ümummilli lider Heydər Əliyevin sayəsində bu gün ölkə vətəndaşları azad dini xidməti həyata keçirir, ölkədə müxtəlif məbədlər tikilir. İlham Əliyev (Azərbaycanın indiki prezidenti –İF-Az.) bu işi davam etdirir və ölkədə dinlərarası tolerantlığı inkişaf etdirir”,-deyə A.Paşazadə bildirib.
O ümid etdiyini bildirib ki, qarşıdakı prezident seçkilərində ölkə dindarları 2003-cü ildə olduğu kimi yenə də İ.Əliyevə səs verəcəklər.
R.Mehdiyev jurnalistlərlə söhbətində ölkədə dini vəziyyətə münasibətini açıqlayıb.
“Biz dinin məhdudlaşdırılmasını qarşımıza məqsəd qoymuruq. Ancaq ola bilsin ki, müxtəlif dinin davamçıları arasında ayrı-ayrı adamlar var ki, onlar radikal hərəkət edərək qanunu pozurlar. Əlbəttə, əgər onlar qanunu pozsalar, dinə yox, onlara qarşı qanun çərçivəsində tədbirlər görüləcək”,-deyə R.Mehdiyev bildirib.