2008-ci ilin I rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ - Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) xərcləri $681 mln. təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azdır. Bu barədə ABƏŞ prezidenti Bill Şreyder çərşənbə axşamı mətbuat konfransında bildirib.
“Bu ilin yanvar-mart aylarında kapital xərcləri $547 mln., əməliyyat xərcləri isə $134 mln. təşkil edib”, - deyə o vurğulayıb.
B.Şreyderin sözlərinə görə, 2008-ci ildə AÇG layihəsi çərçivəsində şirkətin xərcləri $2 mlrd. 537 mln. həcmində (azalma 22,4%) proqnozlaşdırılır. Kapital xərcləri - $1 mlrd. 926 mln. (2007-ci ildə $2 mlrd. 822 mln.), əməliyyat xərcləri isə $611 mln. (2007-ci ildə - $445 mln.) səviyyəsində gözlənilir.
O bildirib ki, 2008-ci ilin I rübündə AÇG blokundan orta sutkalıq neft hasilatı 740 min barel təşkil edib. Bu il hasilatın 840 min barel həcmində olacağı proqnozlaşdırılır. “Çıraq” platformasından sutkada 134 min barelə qədər, “Mərkəzi Azəri” - 243,5 min barel, “Qərbi Azəri” - 235,3 min barel, “Şərqi Azəri” - 144,4 min barel və “Dərin sulu Günəşli” platformasından 82,8 min barel neft hasilatı planlaşdırılır.
“2007-ci ildə “Azəri” və “Çıraq” yataqlarından 33 mln. tona yaxınr neft hasil olunub. Həmin il bu yataqlardan orta sutkalıq neft hasilatını 708 min barelə çatdırmağı planlaşdırsaq da, hasilat 668 min barel təşkil edib. Bu azalma “Çıraq” yatağındakı quyularda suyun çıxması və böyük həcmdə qumun olması ilə əlaqədardır. Bundan başqa neftlə birlikdə çıxan səmt qazının həcmi də neft hasilatının səviyyəsinə təsir edir. 2007-ci ildə gözlənilən həcmdən çox səmt qazı alınıb”, - deyə ABƏŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, 2007-ci ildə ABƏŞ ARDNŞ-ə AÇG blokundan 2,4 mlrd. kubmetr səmt qazı verib. Lakin bu həcmin 1,4 mlrd. kubmetrdən çox olmaması planlaşdırılmışdı. “2008-ci ildə biz ARDNŞ-ə AÇG blokundan 1,5 mlrd. kubmetrə qədər səmt qazı verməyi nəzərdə tuturuq”, - deyə o əlavə edib.
B.Şreyder bildirib ki, 2007-ci ildə Azərbaycan AÇG layihəsi çərçivəsində $4,3 mlrd. gəlir əldə edib. 2008-ci ildə onların həcmi 1 barel neftin qiyməti orta hesabla $50 olmaqla $8 mlrd. proqnozlaşdırılır.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%), ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətləridir.
1997-ci ilin noyabrından “Çıraq”yatağından, 2005-ci il fevralın 13-dən “Azəri” yatağının mərkəzi hissəsindən, 2005-ci il dekabrın 30-dan “Azəri” yatağının qərb hissəsindən, 2006-cı il oktyabrın 21-dən “Azəri” yatağının şərq hissəindən, 2008-ci il aprelin əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsindən neft hasilatına başlanıb.
AÇG blokundan hasil edilən səmt qazı ARDNŞ-ə pulsuz verilir.