Avropa qurumları Azərbaycanda demokratik prezident seçkilərinin keçirilməsində maraqlıdır. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Errero məlumat verib.
“Bizdə (Avropa komissiyası, ATƏT və Avropa Şurası –İF-Az) Azərbaycanda demokratik seçkilərin keçirilməsinə maraq var. İnanırıq ki, demokratik seçkilər keçirmək olar və bu baxımdan öz köməyimizi göstərməyə hazırıq”,-deyə X.L. Errero çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “mühüm məsələlərdən biri elə şəraitin yaradılmasıdır ki, bütün siyasi qruplar ölkə ərazisində sərbəst fəaliyyət göstərə bilsinlər”.
“Növbəti mühüm məqam dövlət, seçki və səlahiyyətli orqanların bütün namizədlərə və siyasi qüvvələrə bərabər münasibətidir. Bu, demokratik rəqabətdir. Həmçinin siyasi qüvvələrin öz mövqelərini bildirməsində hər hansı məhdudiyyət olmamalıdır”,-deyə ATƏT ofisinin rəhbəri vurğulayıb. O, səsvermə və səslərin hesablanması zamanı qanunlara əməl olunmasının vacibliyini vurğulayıb.
“Hesab edirik ki, hazırda Azərbaycanda müsbət vəziyyət yaranıb”,-deyə X.L.Errero qeyd edib.
Diplomat siyasi qüvvələrə KİV-dən sərbəst istifadə imkanlarının verilməsinin, toplaşma hüququnun reallaşması üçün şəraitin yaradılmasının zəruri olduğunu bildirib.
“Bundan əlavə, seçki komissiyalarının öz səlahiyyətlərinin icrasında müstəqil olmaları vacibdir və biz əməkdaşlıq təklif etməyə hazırıq”,-deyə ATƏT nümayəndəsi qeyd edib.