Parlamentin sosial siyasət daimi komissiyası Milli Məclisə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2008-ci il üçün kəsirsiz büdcəsinə düzəlişləri təsdiq etməyi tövsiyə edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, bu qərar komissiyanın çərşənbə günü keçirilən iclasında qəbul olunub.
“Fondun gəlir və xərclərinin 136,867 mln. manat - 1 mlrd. 405,515 mln. manata qədər artırılması təklif olunur”, - deyə DSMF sədri Səlim Müslümov iclas zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, DSMF-in əlavə gəlirlərinin 74,5%-i sosial sığorta ayırmaları üzrə yığımların, 24,5%-i isə dövlət büdcəsindən transfertlərin artırılması hesabına təmin olunacaq. Əsasən icbari sosial sığorta üzrə daxilolmaların 11,1% artırılaraq 1 mlrd. 19,015 mln. manata, dövlət büdcəsindən DSMF büdcəsinə transfertlərin 10% artırılaraq 385 mln. manata çatdırılması təklif olunur.
S.Müslümov vurğulayıb ki, DSMF-in xərclər strukturunda 131,1 mln. manat məbləğində əlavə xərclər əhaliyə pensiya və müavinətlərin ödənilməsinə, yerdə qalan 5,767 mln. manat isə DSMF-in saxlanması, eləcə də pensiya ödənişlərinin banklar vasitəsilə həyata keçirilməsi üzrə xərclərin artırılmasına və digər məqsədlərə yönəldilib.
Düzəlişlər nəzərə alınmaqla 2008-ci ildə DSMF əhalinin pensiya ödənişlərinə 1 mlrd. 348 mln. 513,5 min manat yönəltməyi planlaşdırır.
Fondun 2008-ci il üçün kəsirsiz büdcəsi 1 mlrd. 268,648 mln. manatdır.
Milli Məclis mayın 2-də keçiriləcək plenar iclasında DSMF-in 2008-ci il büdcəsinə düzəlişlərin layihəsini nəzərdən keçirəcək.