Prezident İlham Əliyev Azərbaycan əhalisinin ərzaq məhsulları ilə təminatına dair dövlət proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından məlumat verilib.
Cümə axşamı imzalanan sərəncamda Nazirlər Kabinetinə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayaraq prezidentə təqdim etmək tapşırılıb.
Dövlət Proqramının hazırlanmasına dövlət orqanlarının, elmi təşkilatların, QHT-lərin və ictimai birliklərin nümayəndələri, eləcə də müstəqil ekspertlər cəlb ediləcək.
“Azərbaycan əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılıb. Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi, eləcə də lizinq xidməti göstərilir. Lakin bütün bunlarla yanaşı, ölkədə əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmayıb”,- deyə sərəncamda bildirilib.
Sərəncamda həmçinin dünya bazarında tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunduğu vurğulanır. Qeyd olunan qiymət artımı Azərbaycanda da ərzaq məhsullarının bahalaşmasında özünü büruzə verir. “Bu isə əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin ərzaqla təminatına və həyat səviyyəsinə mənfi təsir göstərir. Mövcud şərait daxili ərzaq bazarının idxaldan asılılığının azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə kompleks yanaşma tələb edir. Ona görə bu cür Dövlət Proqramının hazırlanması ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına yönəlib”, - deyə sərəncamda vurğulanıb.