Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci ilin yanvar-aprel aylarında 2 mln. 884,22 min ton neft hasil edib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
ARDNŞ-nin neft-qaz çıxarma idarələri 2 mln. 471,97 min ton neft (0,8% azalma) hasil ediblər. Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) tərəfindən 2008-ci ilin yanvar-aprel aylarında 412,25 min ton neft (2,4% azalma) hasil edilib.
ARDNŞ hasilatın ümumi həcmindən 2 mln. 456,5 min ton nefti emala (7,1% azalma) göndərib, qalanlarını isə ixrac edib. Bununla yanaşı, hesabat dövründə neft-qaz çıxarma idarələrinin 2 mln. 442,05 min ton, BM və ƏŞ-in 14,45 min ton nefti emala göndərilib.
ARDNŞ-nin proqnozlarına görə, cari ildə neft-qaz çıxarma idarələrinin 7,43 mln. ton və BM və ƏŞ-in 1,27 mln. ton nefti daxil olmaqla, şirkət üzrə ümumilikdə 8,7 mln. ton neft hasil edilməsi planlaşdırılır. Bununla yanaşı, 2008-ci ildə ARDNŞ neft-qaz çıxarma idarələrinin 7 mln. 380 min ton, BM və ƏŞ-in 250 min ton nefti daxil olmaqla, 7 млн 630 min ton nefti emala göndərməyi nəzərdə tutub.
Azərbaycanın quru yataqlarında neft və qaz hasilatı ilə ƏŞ - “Salyan Oil Ltd” (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir), “Karasu Oрerating Comрany” (KOC –“Kəlaməddin” və “Mişovdağ”), “Gobustan Operating Company” (“Cənub-Qərbi Qobustan”), “Binagadi Oil” (Binəqədi) və “AzShengli” (Pirsaat) və 3 BM - “ANSHAD Petrol” Azərbaycan-Malayziya-Türkiyə şirkəti (“Neftçala”), “AzGerneft” Azərbaycan –Almaniya şirkəti (“Ramana”) və “Shirvanoil” Azərbaycan-Britaniya şirkəti (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ” və “Cənubi Gürovdağ”) məşğul olur.