Mayın 29-30-da Bakıda “GUAM-ın strategiyası və inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə XİN-nin mətbuat katibi Xəzər İbrahim mətbuat konfransında məlumat verib.
Konfrans GUAM-ın inkişaf istiqamətlərinə həsr olunacaq. Burada siyasi, iqtisadi və digər məsələlər müzakirə olunacaq. Həmçinin GUAM-a üzv ölkələr bugünkü qlobal inteqrasiya şəraitində öz yerlərini və bu prosesdə necə iştirak edəcəklərini, öz yollarında hansı çətinlikləri gördüklərini və onların öhdəsindən birgə səylərlə necə gəlməyin mümkünlüyünü müzakirə edəcəklər.
Tədbir GUAM-ın Azərbaycan tərəfindən təşkil olunmuş üçüncü konfransı olacaq. Bundan əvvəl, aprelin 15-16-da Bakıda “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda beynəlxalq konfrans keçirilib. Aprelin 29-30-da isə “GUAM-nəqliyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda GUAM-ın nəqliyyat dəhlizinin hazırki vəziyyəti və perspektivləri nəzərdən keçirilib.