Almaniyanın RWE şirkəti Azərbaycan, Qazaxıstan və Türkmənistanda neft-qaz strukturlarının işlənməsində maraqlıdır. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Uve-Stefan Laqis (Uwe-Stephan Lagies, General Manager Corporate Communications) jurnalistlərə çərşənbə günü məlumat verib.
"Biz Xəzər hövzəsində dəniz strukturlarının işlənməsində maraqlıyıq. Biz Azərbaycanda dəniz strukturları ilə bağlı ümumi geofiziki məlumatları almışıq və onları öyrənirik", - deyə U-S.Laqis bildirib. O qeyd edib ki, hələlik şirkət ayrı-ayrılıqda hər hansı bir strukturu müəyyən etməyib.
Menecer əlavə edib ki, RWE şirkəti qaz yataqlarının işlənməsinə üstünlük verir. Belə ki, şirkət hər il Avropaya 40 mlrd. kubmetrə qədər qaz verir. "Bunun 15%-i Şimal dənizi, Şimali Afrika, Almaniya və Polşa da daxil olmaqla regionun bir sıra ölkələrində həyata keçirdiyimiz qaz hasilatının payına düşür. Lakin biz neft yataqlarının işlənməsilə də məşğul ola bilərik", - deyə o vurğulayıb.