Cənubi Koreyadan olan şirkətlər Azərbaycana plastik məmulatların, rənglərin, plastik və alüminium profili, şəbəkə və GSM/CDMA aparatlarının, sensor monitorların ixracında maraqlıdırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyindən (KOTRA) məlumat verilib.
Agentliyin nümayəndəsi qeyd edib ki, KOTRA Cənubi Koreya və Azərbaycan sahibkarları arasında növbəti görüşü təşkil edib. “Görüşdə məqsəd telekommunikasiya və elektron avadanlığı, reklam, plastik pəncərələr üçün çərçivə istehsalı, kimya sənayesi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsidir. Bundan əlavə, Cənubi Koreya şirkətləri Azərbaycana elektron və kimya məhsullarının ixracında maraqlı olduqlarını bildiriblər.
Görüşdə Koreya tərəfdən LS Windows, SAM-A, Wise Controls, Wongbee Techno Sapse, Rapid, Campnet, Albas, SDS, Azərbaycan tərəfdən 30-a yaxın firmanın, o cümlədən, Azersun, Gilan Holding, AZEL, Baku Electronics, Caspel, Ultra şirkətlərinin nümayəndələri iştirak ediblər.
Xəbər verildiyi kimi, iyunun əvvəlində ilk görüş zamanı maşın, tomoqrafiya avadanlıqlarının, ortopedik aksessuarların, qablaşdırma məmulatlarının, müalicəvi palçıq vulkanının ixrac-idxalı məsələləri müzakirə olunub.
KOTRA-nın Azərbaycanda nümayəndəliyi 2008-ci ilin mayından fəaliyyət göstərir.