Dağıstan prezidenti Muxu Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri təqdimetmə mərasimindən məlumat verib.
Tələbələr qarşısında çıxış edən M.Əliyev deyib ki, Dağıstanda azərbaycanlıların yaşaması ilə bağlı heç bir problem yoxdur və Azərbaycandakı etnik dağıstanlılar da heç bir problemlə üzləşmirlər. “Onlar üçün normal şərait yaradılıb. Dağıstanda vəziyyət sabitdir, kriminal durum yaxşılaşıb. Son il yarımda terror aktları baş verməyib”,-deyə o bildirib.
M.Əliyev Dağıstanın iqtisadi inkişafından, investisiya artımından danışıb. Problem qismində yeni iş yerlərinin açıldığını və yoxsulluqla mübarizəni qeyd edib. “Dağıstanda bütün xalqların öz problemləri var. Ancaq heç kim bunları təklikdə həll edə bilməz. Bunun üçün birgə səylər tələb olunur”,-deyə M.Əliyev vurğulayıb.
O deyib ki, prezident İlham Əliyevlə görüşündə Dağıstanda Azərbaycan mədəniyyətinin və dilninin qorunub saxlanması məsələsini müzakirə edib. M.Əliyevin sözlərinə görə, o, Azərbaycan başçısını bununla bağlı problemin olmadığına əmin edib, çünki Azərbaycan dilində nəşrlər var və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.