Azərbaycan sığorta tədiyyələrinin ÜDM-in 2-3%-i səviyyəsində yığımına nail olmalıdır. Parlamentin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə belə hesab edir.
2007-ci ildə sığorta tədiyyələri ÜDM-in 0,59%, 2008-ci ilin I rübündə – 0,61%-ni təşkil edib.
“Sığorta tədiyyələrinin ÜDM-ə nisbətdə payının artırılmasına çalışmaq lazımdır. Əlbəttə, buna nail olmaq çox çətin olacaq, çünki respublikada ÜDM yüksək templərlə artır. Lakin sığorta bazarının inkişafı üçün bazarın payını ÜDM-in 2-3%-i səviyyəsinə çatdırmaq lazımdır”, - deyə Z.Səmədzadə cümə axşamı Bakıda I Azərbaycan beynəlxalq sığorta forumunda bildirib.
Onun sözlərinə görə, sığorta payının ÜDM-ə nisbətdə artması sığorta sektorunun investisiya potensialı barədə düşünməyə imkan verəcək.
Komissiya başçısı hesab edir ki, Azərbaycanın sığorta sektorunda müəyyən problemlər qalmaqdadır. O, sığorta sahəsində, xüsusilə sığorta sektorunun inkişaf dinamikasının ölkənin qeyri-neft sektorunun inkişafı, əhalinin pul gəlirlərinin artması ilə qarşılıqlı əlaqəsinə dair müəyyən araşdırmalar aparılmasını təklif edib.