Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin demək olar ki, yarısı respublikanın erməni mənşəli vətəndaşları tərəfindən göndərilib. Bu barədə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev məlumat verib.
“Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan daxil olan təxminən 1000 şikayətin yarısı Azərbaycan vətəndaşlığını saxlayan ermənilərin payına düşür”,-deyə X.Hacıyev bazar ertəsi jurnalistlərə bildirib.
O qeyd edib ki, Azərbaycanı şikayətlərin sayına görə barəsində çox şikayətlər olan ölkələr sırasına daxil etmək olmaz. Bununla yanaşı o, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin keyfiyyətinin artdığını qeyd edib.
X.Hacıyev deyib ki, Avropa Məhkəməsinin bugünkü işi gərgin rejimdə həyata keçirilir. Bu günədək həmin orqan tərəfindən təxminən 100 min iş baxılmamış qalıb.
O həmçinin bildirib ki, Avropa Məhkəməsi Azərbaycan üzrə 13 qərar qəbul edib. Avropa Məhkəməsində prosedurun birinci mərhələsindən sonra (Azərbaycan hökumətilə müvafiq yazışmadan və məlumatlar alındıqdan sonra) təxminən 40 iş baxılmaq mərhələsindədir.
“Bu dövrdə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 1600 müraciət daxil olub. Hazırda məhkəmənin gündəliyində 1000-ə yaxın iş var. Əsasən bu müraciətlər əmlak mübahisələri və hakimlərin fəaliyyətinə aiddir. O cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı 40 şikayət daxil olub”,-deyə X.Hacıyev bildirib.