ABŞ Ermənistana dost ölkə kimi respublikanın mövcud çətinlikləri tezliklərə aradan qaldıraraq demokratik inkişafı davam etdirməsini arzulayır. Bu barədə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kramer Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Vaşinqtondakı görüşdə bəyan edib.
“ABŞ Ermənistan hakimiyyətinə ölkənin demokratik inkişafını davam etdirmək üçün müvafiq yardımı göstərməyə hazırdır”,- deyə D. Kramer vurğulayıb.
Ermənistan XİN-in mətbuat xidmətindən “İnterfaks” agentliyinə verilən məlumata görə, görüşdə E. Nalbandyanla D. Kramer demokratik islahatların reallaşması yolunda Ermənistanda seçkilərdən sonra yaranan maneələrin aradan qaldırılması üzrə addımları müzakirə ediblər.
“E, Nalbandyan bəyan edib ki, demokratik islahatlar Ermənistan xalqının şüurlu seçimidiir. Ölkə rəhbərliyi yalnız Avropa strukturları qarşısındakı öhdəliklərə və ya dost ölkələrin çağırışlarına görə deyil, ilk növbədə ölkə və xalqımızın maraqlarından çıxış edərək bu prosesi davam etdirmək və dərinləşdirmək niyyətindədir”,- deyə mətbuat xidmətindən bildirilib.