19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə yoldaşlıq görüşləri keçirəcək. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.
Qeyd edilib ki, Türkiyədə təlim-məşq toplanışında olan yığma yerli “Qalatasaray” və “Fənərbağça” klubları və Yəmən yığmasından olan həmyaşıdları ilə üç yoldaşlıq görüşü keçirəcək. Oyunlar iyulun 18-dən 23-dək keçiriləcək. Azərbaycanlı futbolçular yəmənli həmyaşıdları ilə iyulun 21-də görüşəcəklər.
Bu arada cümə axşamı Azərbaycanın “Olimpik” və “Xəzər-Lənkəran” klubları UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunlarını keçirəcəklər. “Olimpik” Serbiyanın “Voyvodina”, “Xəzər-Lənkəran” Polşanın “Lex” komandası ilə qarşılaşacaq.
Çərşənbə axşamı “İnter” klubu Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Rabotniçki” klubu ilə ilk oyununu keçirib. Bakıda keçən görüş heç-heçə ilə başa çatıb.