BP-Azerbaijan şirkəti gələn həftədən BTC boru kəmərinin normal rejimdə istismarına başlayacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, avqustun 6-na keçən gecə BTC boru kəmərinin Türkiyə ərasizindəki hissəsində sügülərdən birində yanğın baş verib. Nəticədə neftin boru kəmərilə nəqli dayandırılıb. Eləcə də Azərbaycanın Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından boru kəməri vasitəsilə nəql olunan neft və qaz kondensatının hasilatı azaldılıb.
"Bir neçə gün boru kəmərinin istismarı sınaq rejimində aparılıb və bu zaman neft məhdud həcmdə verilib. Sabahdan biz artan həcmdə neftin ixracına başlayacağıq ki, gələn həftədən normal rejimdə istismara başlaya bilək", -deyə şirkətdən bildiriblər.
BP-Azerbaijan şirkətindən deyiblər ki, neftin BTC ilə nəqli artan zaman Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından da hasilatın həcmi artacaq. "Təbii ki, normal rejimdə biz hasilatın həcmini də artıracağıq”.
Şirkətdən qeyd ediblər ki, Bakı-Supsa boru kəmərilə avqustun 11-dən Gürcüstanda baş verən hadisələrlə əlaqədar dayandırılan nefin nəqli hələlik bərpa olunmayıb.
BTC neft kəmərinin uzunluğu 1767 kilometrdir. Onun 443 kilometri Azərbaycan, 248 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindədir. Kəmərin buraxma qabiliyyəti ildə 50 mln. ton neft təşkil edir. Layihənin iştirakçıları: “BP” ( iştirak payı 30,1%), ARDNŞ (25%), “Unocal” (8,9%), “Statoil” (8,71%), “TRAO” (6,53%), ENI (5%), “Itochu” (3,4%), “ConocoPhilliрs” (2,5%), “Inрex” (2,5%), “Total” (5%) və “Amerada Hess” (2,36%) şirkətləridir.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Şahdəniz” yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensat həcmində qiymətləndirilir.