Azərbaycanda pensiya ödənişləri prosesi 87% avtomatlaşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
"Hazırda 1,26 mln. təqaüdçü DSMF-da qeydiyyatdadır. Onların 87%-i pensiyalarını plastik kartlar vasitəsilə alırlar", - deyə fondun nümayəndəsi bildirib.
Mənbə qeyd edib ki, hazırda ölkənin cənub regionlarında pensiya ödənişlərinin avtomatlaşdırılması ilə bağlı müəyyən problemlər mövcuddur. Lakin DSMF onların həlli üçün zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, əhaliyə pensiya ödənişlərinin effektivliyini artırmaq məqsədilə DSMF-nin agent bankları regionlarda əlavə olaraq 75 bankomat quraşdıracaqlar.
Onun sözlərinə görə, prezidentin sərəncamına uyğun olaraq, 2008-ci il sentyabrın 1-dən əmək pensiyalarının baza hissəsi 25% artırılaraq 75 manat təşkil edəcək. "Bu sərəncama əsasən, fondda qeydiyyatda olan təqaüdçülərin 92%-nin pensiyaları artırılacaq. Bununla əlaqədar olaraq əhaliyə pensiyaların ödənişi üçün DSMF büdcəsindən əlavə olaraq 18,2 mln. manat ayrılacaq”,- deyə o bildirib.
Mənbə əlavə edib ki, bu ilin setyabrından Azərbaycanda orta pensiya 95 manat təşkil edəcək.
"2009-cu ilin yanvarında əmək pensiyalarının baza hissəsinin həcmində növbəti artımı gözləmək olar. Lakin hələlik onun nə qədər artırılacağını demək tezdir", - deyə o bildirib.