Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü bir günlük səfərlə Türkiyəyə yola düşüb. Bu barədə ANS telekanalı Türkiyədəki mənbələrə istinadən məlumat verib.
E.Məmmədyarov Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüşlər keçirəcək.
Tərəflər Qafqazdakı vəziyyəti, R.T.Ərdoğanın irəli sürdüyü “Qafqazda sabitlik və əməkdaşlıq platforması”nın yaradılması ideyasını müzakirə edəcəklər.
ANS telekanalı bazar günü Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvilinin, ondan sonra isə, artıq gələn həftə RF XİN rəhbəri S.Lavrovun Ankaraya səfər edəcəklərinə diqqət çəkib.