Ukrayna nümayəndə heyəti sentyabrın 9-10-da keçiriləcək Azərbaycan-Türkmənistan enerji konfransında iştirak edəcək. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk cümə axşamı mətbuat konfransında bildirib.
"Nümayəndə heyətinin səfəri zamanı Ukraynada Azərbaycan tərəfi ilə birgə NEZ-in inşası məsələsi müzakirə olunacaq", - deyə səfir qeyd edib.Onun sözlərinə görə, 2008-ci ilin I yarısında ölkələr arasında mal dövriyyəsi $485,2 mln. məbləğində rekord səviyyəyə çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,74 dəfə çoxdur.
"Azərbaycan və Ukrayna prezidentləri mal dövriyyəsinin həcmini $1 mlrd-a çatdırmağı qarşıya məqsəd qoyublar. Düşünürəm ki, bu, artıq 2008-ci ildə əldə olunacaq real rəqəmdir", deyə B.Klimçuk vurğulayıb. O qeyd edib ki, bu il həmçinin idxal və ixrac arasında fərqin kəskin azalması müşahidə edilir. "Hələlik müsbət saldo Ukraynanın xeyrinədir. Lakin Ukraynaya mal ixracı bu ölkədən idxalla müqayisədə daha sürətlə artır", - deyə diplomat bildirib.
Səfir əlavə edib ki, yaxın ongünlükdə ukraynalı biznesmenlərdən ibarət qrupun gəlişi gözlənilir. Onlar əsasən Azərbaycanın Azersun şirkətinin rəhbərliyi ilə seçmə qənd növlərinin istehsalında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
"Neft sektoru, neft məhsulları ilə ticarət, ət, süd məhsulları, mebel ixracı perspektiv istiqamətlərdir. Prezidentlərin tapşırıqlarına əsasən, Azərbaycan və Ukraynanın regionları arasında əməkdaşlığın genişləndirilməsi üzrə işlər görülür. Bununla əlaqədar Bakı və Dneprepetrovsk, Qaradağ rayonu və İliçevsk, Gəncə və Volınsk arasında əməkdaşlıq haqqında sazişlər hazırlanır", - deyə B.Klimçuk bildirib.