ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Chevron Khazar Ltd. və StatoilHydro şirkətləri sentyabrın 27-də qarşılıqlı anlaşma haqqında memorandum imzalayacaq. Bu barədə USAİD-in məlumatında deyilir.
Memorandumun imzalanmasında məqsəd Junior Achievement (JA) şirkətinin dəstəyi ilə 2008-2010-cu illərdə Azərbaycanın 230 məktəbində “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramının gerçəkləşdirilməsidir.
Memorandum Azərbaycanda yuxarı siniflər səviyyəsində biznes və iqtisadiyyatın tədrisini nəzərdə tutur, eləcə də sahibkarlıq, maliyyə, əmək fəaliyyətinə hazırlıq məsələlərində praktiki tədris proqramını əhatə edir.
Layihə respublikanın orta məktəblərindən 300 müəllim və 1000 şagirdi əhatə edəcək. Şagirdlər JA-nın “İqtisadiyyat” fənni üzrə beynəlxalq iqtisadiyyatın tədrisini keçəcək, “Məktəb müəssisələri” layihəsi üzrə biznes sahəsində idarəetmə vərdişləri əldə edəcəklər.
USAID Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq dövründə agentlik $300 mln. məbləğində maliyyə və texniki yardım göstərib.