Azərbaycan qadınlarının 3-cü qurultayının nümayəndələri 15 oktyabr prezident seçkilərilə əlaqədar keçirilən seçki kampaniyasında öz fəallıqlarının artırılmasını vacib sayırlar.
“Azərbaycan əhalisinin böyük hissəsini təşkil edən qadınların siyasi fəallığının artırılması üçün zəruri tədbirlər görmək lazımdır. Qarşıdakı prezdent seçkiləri baxımından onların seçki kampaniyasının bütün mərhələlərində mütəşəkkil iştirakı üçün tədbirlər görülməlidir”,-deyə Azərbaycan qadınlarının 3-cü qurultayının yekunlarına dair qətnamədə qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” ağentliyinin müxbiri məlumat verib.
Qətnamədə həmçinin demokratik və şəffaf seçkilərin keçirilməsi üçün qurultay iştirakçılarının məqsədyönlü fəaliyyətinin vacibliyi vurğulanır.
Qurultay nümayəndələri qadınlar sahəsində aparılan dövlət siyasətini dəstəkləyiblər və qanunvericilik, icra, məhkəmə orqanlarında qadınların təmsilçiliyinin genişləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi barədə qərar qəbul ediblər.
Onlar qadınların fəallığının və onların təşəbbüskarlığının dəstəklənməsi istiqamətində dövlət orqanları ilə QHT arasında əməkdaşlığı məqsədyönlü sayıblar.
Nümayəndələr qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi və onun müntəzəm fəaliyyətinin təminatı üçün işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər.