Sərgi və konfranslar ictimaiyyətin diqqətini təhsilə cəlb edir. Bu barədə təhsil naziri Misir Mərdanov cümə axşamı “Təhsil və karyera” ikinci beynəlxalq sərgisinin açılışında bildirib.
"Sərgidə iştirak edən şirkət, təhsil müəssisələri və digər təşkilatların sayı ötən illə müqayisədə 25% artıb", - deyə nazir bəyan edib. O qeyd edib ki, keçən il təhsil almaq üçün 100, bu il isə 130 azərbaycanlı tələbə xarici ölkələrin aparıcı ali məktəblərinə göndərilib. M.Mərdanovun sözlərinə görə, tələbələrimizin təhsil aldığı prioritet sahələr tibb, iqtisadiyyat, ekologiya, kənd təsərrüfatı, kompüter texnologiyaları sahələridir.
"Gənclərimizin hazırlıq səviyyəsi artır və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentlərin sayının artması faktı bunu təsdiq edir", - deyə nazir vurğulayıb.
"Iteca Caspian", eləcə də "ITE Group" şirkətinin təşkil etdiyi “Təhsil və karyera” sərgisində 11 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Britaniya, İtaliya, Almaniya, Fransadan 40 şirkət və təşkilat iştirak edir.
Tədbirdə azərbaycanlı tələbələrin Britaniya, Fransa, İtaliyada dizayn və moda sahəsində təhsil almalarına imkan verən xüsusi proqramlar təqdim olunub.