Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaxın vaxtlarda regional saytlar üçün üçhərfli domenlərin istifadəyə verilməsini planlaşdırır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə cümə axşamı jurnalistlərə məlumat verib.
“Hazırda Azərbaycanda “az” domeninin fəal tətbiqi gedir, müxtəlif təşkilatlar tərəfindən 7000 belə domen alınıb. Ötən həftə “İnformasiya-kommunikasiya texnologiyaları”nın standartlaşdırılması üzrə Texniki komitənin iclası keçirilib. İclasın yekunlarına əsasən, Azərbaycanın regionları üçün üçhərfli domenlərin tətbiqi barədə qərar qəbul edilib. Zənnimcə, bu prosesin reallaşmasına yaxın vaxtlarda başlanılacaq. Bu layihə ölkə regionlarında İnternetin inkişafına yönəlib”,-deyə E.Vəlizadə bildirib. O qeyd edib ki, 2009-cu ildə Azərbaycanda “Elektron hökumət” layihəsi çərçivəsində elektron imzanın tətbiqinə başlanılacaq.
“Hazırda bu iş tenderin keçirilməsi ərəfəsindədir. Hesab edirəm ki, gələn il biz tam həcmdə onun reallaşmasına başlayacağıq”,-deyə E.Vəlizadə vurğulayıb. Nazir müavini qeyd edib ki, hazırda dövlət müəssisələrində saytların yaradılması sistemi praktik olaraq başa çatdırılıb. “Bəzi dövlət müəssisələrində saytın yaradılması məsələsi hələ açıq qalıb. Ancaq ümumilkdə demək olar ki, hətta regional səviyyədə bizim əsas dövlət müəssisələri öz informasiya resurslarını hazırlayıblar”,-deyə E.Vəlizadə bildirib.
RTİN və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən birgə yaradılan “İnformasiya-kommunikasiya texnologiyaları”nın standartlaşdırılması üzrə Texniki komitənin əsas məqsədi İKT sektorunda beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq normativ sənədlərin hazırlanması, onlardan istifadədə səmərəliliyin artırılması, standartlaşdırma üzrə beynəlxalq və dövlətlərarası işlərdə iştirakdır.