Milli Məclis RF prezidenti Dmitri Medvedyevin bu il iyunun 3-4-də Azərbaycana səfəri zamanı imzalanmış “Dostluq və strateji tərəfdaşlıq haqqında” bəyanatı təsdiqləyib.
“Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək”,-deyə Milli Məclisin deputatı Çingiz Əsədullayev cümə axşamı parlamentin iclasında Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedyevlə İlham Əliyevin birgə bəyanatını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, əgər iki ölkə arasında əmtəə dövriyyəsi 2007-ci ilin yekunlarına əsasən $1,7 mlrd. təşkil edirdisə, 2008-ci ilin sonunadək bu göstərici $2 mlrd. olacaq.
Bəzi deputatlar bu bəyanatın qəbulunun lehinə, bəzi müxalifətçi deputatlar isə əleyhinə çıxıblar. “Mən bizim hökumətin Rusiya ilə münasibətlərinə dair siyasətini dəstəkləyirəm”,-deyə deputat Elmira Axundova bildirib. “Gürcüstan hadisələri göstərdi ki, münaqişələri güc yolu ilə həll etmək olmaz, onları diplomatiya və danışıqlar yolu ilə həll etmək lazımdır”,-deyə o əlavə edib. E.Axundovanın sözlərinə görə, rus icması həmişə Azərbaycanın milli maraqları naminə hərəkət edib. “Azərbaycanda rus icması heç zaman beşinci kolon olmayıb”, deyə E.Axundova bəyanatın ratifikasiyasının əleyhinə olanlara bildirib.
Müxalifətdə olan Azərbaycan Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə hesab edir ki, Azərbaycan nəinki Rusiya ilə belə sənədlər imzalamamalı, hətta MDB-nin tərkibindən çıxmalıdır. “Sənədin ikinci bəndində deyilir ki, tərəflər regionda təhlükəsizliyin təminatı məsələsində əməkdaşlıq edəcəklər, bir qədər sonra isə tərəflərdən biri –Rusiya bizim strateji tərəfdaşımız olan Gürcüstanı işğal edib. Rusiyadan qorxmaq lazım deyil. O, Azərbaycan üçün edə biləcəyi pislikləri artıq edib”,-deyə Q.Həsənquliyev vurğulayıb.
Öz növbəsində Müsavat Partiyasından olan deputat Nəsib Nəsibli Milli Məclis tərəfindən bu sənədin ratifikasiyanın gec müddətə təxirə salınmasını təklif edib. “Başa düşürəm ki, diplomatik ritorika baxımından bu sənədin qəbulu vacibdir. Lakin bu proseduru bir qədər sonra yerinə yetirmək lazımdır”,-deyə o bildirib. “Cənubi Osetiyada münaqişə Rusiya və Gürcüstan arasında müharibə deyil. Bu, Rusiyanın etnik münaqişələrə münasibətidir. Rusiya Cənibi Osetiya və Abxaziyanın suverenliyini tanımaqla presedent yaradıb. Bununla da Qarabağ münaqişəsinin nizamlanması çətinləşib”,-deyə N.Nəsibli vurğulayıb.