Baş Prokurorluğun kollegiyası respublikanın prokurorluq orqanlarına işə qəbul edilmiş bir qrup gənc hüquqşünasın andını qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
«İnanıram ki, siz fəaliyyətinizdə prokurorluq işçisi adını uca tutacaqsınız», - deyə baş prokuror Zakir Qaralov Azərbaycanda prokurorluğun yaranmasının 90 illiyi və bununla əlaqədar qeyd olunan Prokurorluq orqanları işçiləri Günü münasibətilə cümə axşamı Bakıda keçirilən andiçmə mərasimində bəyan edib.
«Müsabiqə əsasında prokurorluq orqanlarına işə qəbul olunmuş 79 gənc hüquqşünas təcrübəçi qismində işə düzəlib», - deyə o əlavə edib.
Z.Qaralov qeyd edib ki, bütövlükdə, 2002-ci ildən keçirilən müsabiqələr əsasında prokurorluq orqanlarına 293 gənc hüquqşünas qəbul olunub ki, bu da prokurorluq orqanlarının şəxsi heyətinin 32%-ni təşkil edir.