Döşəmə üzərində xokkey üzrə Azərbaycan komandası 2009-cu ildə Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak edəcək. Bu barədə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin rəhbəri Şahin Əliyev çərşənbə axşamı məlumat verib.
«Döşəmə üzərində xokkey komandası tam təşkil olunub və Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında iştirak etmək məqsədilə oyunçuların və ölkə nümayəndələrinin qeydiyyatı üçün sənədlər təşkilatçılara göndərilib»,- deyə o, AXOK İcraiyyə Komitəsinin açıq iclasında bildirib.
Xokkey komandasının 1997-ci ildən Xüsusi oyunlarda iştirak etdiyini qeyd edən Ş.Əliyev iştirakçı komandaların ikinci və ya üçüncü divizionda uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib.
«Bu günə qədər xüsusi olimpiya hərəkatına fiziki və əqli çatışmazlığı olan 5 min nəfər cəlb olunub və il ərzində onların təxminən 1500 nəfərinin regional və respublika yarışlarında iştirakını təmin etmək mümkün olur»,- deyə o qeyd edib.
AXOK rəhbəri əlavə edib ki, hazırda Milli Komitə xüsusi yay olimpiya oyunlarının səkkiz və qış oyunlarının bir növünü özündə birləşdirir.
«Lakin biz Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin proqramına əsasən cüdonu da inkişaf etdirməyi nəzərdə tuturuq. Düşünürəm ki, biz bu növ üzrə komandamızı artıq 2011-ci il xüsusi oyunlarına təqdim edə biləcəyik»,- deyə Ş.Əliyev vurğulayıb.
O, iclas iştirakçılarına məlumat verib ki, Beynəlxalq Xüsusi Olimpiya Komitəsi Beynəlxalq Olimpiya komitəsi tərəfindən 1988-ci ildə müstəqil təşkilat kimi tanınıb, 1990-cı ildə isə SSRİ Xüsusi Olimpiya Komitəsi çərçivəsində respublika komitəsi yaradılıb. AXOK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.
AXOK həmçinin ölkənin hakim partiyasından prezidentliyə namizəd, indiki dövlət başçısı İlham Əliyevə müraciət də qəbul edib. Müraciətdə təşkilat İ.Əliyevə dəstək olduğunu bildirir və vətəndaşları qarşıdakı prezident seçkilərində fəal olmağa və İ.Əliyevin namizədliyinə səs verməyə çağırıb.