Bu ilin sonunadək Gəncədə səkilərin 15%-i təmir olunacaq. Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yeni Gəncə yaşayış massivində nümunəvi həyətin açılışı zamanı bildirib.
“Biz yollara böyük diqqət yetiririk, səki məsələsi isə ikinci dərəcəli vəzifə kimi qəbul edilib. Bununla əlaqədar bizə sakinlərdən çoxsaylı müraciətlər daxil olur. İndi imkanlarımız var. Cənab prezident bizə böyük vəsait ayırıb”,-deyə E.Əzizov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin Gəncə regional bürosunun məlumatına görə, mərasim zamanı E.Əzizov sakinlərin problemlərinin həlli ilə bağlı konkret tapşırıqlar verib.
“Belə dialoqlar zamanı biz öz zəif tərəflərimizi daha aydın görürük. Gəncə inkişaf edir və bütün problemləri dərhal həll etmək mümkün deyil. Əsas meyar odur ki, nümunəvi həyətlərin sayı artır və belə görüşlərin köməyilə əhalinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq mümkün olur”,-deyə E.Əzizov vurğulayıb.