“Başak-İnam” Azərbaycan-Türkiyə birgə sığorta şirkəti 2008-ci ilin yanvar-sentyabr aylarında tədiyyə yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 16,6% - 2 mln. 721,7 min manat artırıb. Bu barədə “İnterfaks – Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
Qeyd edilib ki, 2008-ci ilin yanvar-sentyabr aylarında avto-KASKO sığortası üzrə tədiyyələr 1 mln. 59,7 min manat, yanğından könüllü sığorta üzrə 527,3 min manat, könüllü tibbi sığorta üzrə 723,2 min manat təşkil edib.
Bundan əlavə, hesabat dövründə həyat sığortası üzrə 179,6 min manat, bədbəxt hadisələrdən sığorta üzrə 25,5 min manat, ipoteka kreditləşməsi zamanı əmlakın sığortalanması üzrə 29,1 min manat təşkil edib.
Hesabat dövründə tədiyyələrin qalan həcmi sığortanın digər növləri üzrə əldə olunub.
Yanvar-sentyabr aylarında baş verən sığorta hadisələrinə görə şirkət 1 mln. 123,7 min manat məbləğində ödəniş həyata keçirib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,91% çoxdur. Bununla yanaşı, hesabat dövründə əldə olunan tədiyyələrin 41,3%-i ödənişlərə yönəldilib.
Hesabat dövründə şirkət avto-KASKO sığortası üzrə 546,9 min manat, tibbi sığorta üzrə 394,1 min manat, əmlakın yanğından icbari sığortalanması üzrə 89,7 min manat və yüklərin sığortalanmasından 30,3 min manat məbləğində ödənişlər həyata keçirib.
Hesabat dövründə qalan ödənişlər sığortanın digər növləri üzrə həyata keçirilib.
“Başak-İnam” 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 mln. manata bərabərdir. Şirkət, ümumilikdə, sığortanın 27 növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir.
Xəbər verildiyi kimi, şirkət 2008-ci ildə 3 mln. manat səviyyəsində sığotra tədiyyəsi yığmağı planlaşdırır.