Finlandiya energetika, nəqliyyat, inşaat, telekommunikasiya sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayrinen çərşənbə günü Bakıda Azərbaycan-Finlandiya biznes-forumunda bildirib.
“Bizim şirkətlər energetika, logistika, nəqliyyat, inşaat, telekommunikasiya, elm və diaqnostika kimi sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”,-deyə P.Vayrinen vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev də Azərbaycan-Finlandiya iqtisadi əlaqələrinin genişləndirilməsinə maragın olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda özəl sektor respublika ÜDM-in 84%-ni təşkil edir. Bundan əlavə, Azərbaycan fəal institutional islahatlar aparır ki, bu da Dünya Bankının Doing Business – 2009 hesabatında əksini tapıb. Hesabatda Azərbaycan 64 bənd üzrə reytinqini yaxşılaşdırıb və 33-cü yeri tutur.
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) prezidenti Emil Məcidov ölkədə investisiya mühitinin təqdimatını keçirib. O, respublikanın iqtisadi inkişafında Skandinaviya ölkələrindən olan şirkətlər tərəfindən qoyulan investisiyaların mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, Skandinaviya ölkələrindən olan sahibkarlar Azərbaycanın energetika, telekomunikasiya sektorunda aparıcı mövqe tuturlar.
Ümumilkdə, forumda Finlandiyanı 25 və Azərbaycancanı 60 şirkət təmsil edir. Onlar əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün ikitərəfli görüşlər keçirirlər.