Vergilər Nazirliyi vergi sisteminin təkmilləşdirilməsi üzrə tövsiyyələrin təhlili və hazırlanması üçün Ekspert komissiyasının əsasnaməsini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, vergilər naziri Fazil Məmmədov 2008-ci ilin avqustunda belə komissiyanın yaradılması haqda əmr imzalayıb. Komissiyanın tərkibinə nazirlik və idarələrin nümayəndələri, elmi işçilər, həmçinin iri şirkətlər daxildir.
“Əmrə uyğun olaraq komissiyanın əsasnaməsi hazırlanıb və vergilər naziri tərəfindən təsdiqlənib. Əsasnaməyə görə, komissiya ən azı rübdə 1 dəfə toplaşmalıdır. Zərurət yarandığı halda, komissiya tez-tez toplaşa bilər”,-deyə nazirliyin nümayəndəsi bildirib.
O qeyd edib ki, əsasnaməyə görə, komissiyanın sədri, onun katibi və üzvləri vergilər naziri tərəfindən təsdiqlənir. Bundan əlavə, komissiyanın qərarları sadə səs çoxluğu ilə təsdiqlənir. Ancaq iclasda üzvlərin 50%-dən çoxunun iştirak etdiyi halda komissiya qərar qəbul etmək hüququna malikdir.
Komissiya iclaslarının gündəliyi onun sədrinin, üzvlərin, həmçinin Vergilər Nazirliyinin müxtəlif qurumlarının təşəbbüsü ilə müəyyən edilir.
Xəbər verildiyi kimi, komissiyanın funksiyasına vergi yığımlarının proqnozlaşdırılmasına, vergi sisteminin sadələşdirilməsinə, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən hazırlanan layihələrə dair ekspert rəyinin verilməsi daxildir.
Bundan əlavə, komissiya vergi yükünün təhlilini keçirəcək və onun optimallaşdırılmasına dair təkliflər hazırlayacaq. Həmçinin Vergi Ombudsmanı institutunun tətbiqi, Azərbaycana investisiya axınının artırılması məqsədilə vergi sisteminin rolunun artırılması üzrə təkliflər hazırlayacaq, vergi güzəştlərinin tətbiqinin səmərəliliyini qiymətləndirəcək.
Ümumilikdə, komissiya 23 nəfərdən ibarətdir. Onlar Elmlər Akademiyasını, Maliyyə, İqtisadi İnkişaf nazirliklərini, Sahibkarların Milli Konfederasiyasını, Milli Bank, “Atəşgah” sığorta şirkəti, PriceWaterhouseCoopers, “Azercell”, Deloitte&Touche və digər şirkətləri təmsil edirlər.
Komissiyanın sədri akademik Asəf Nadirovdur.