Parlamentin spikeri Oqtay Əsədov türkdilli ölkələrin Parlament Assambleyasının təsis olunması mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
“Milli Məclisin spikeri Oqtay Əsədov bazar ertəsi Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) nümayəndə heyətini qəbul edərkən bildirib ki, türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması ilə əlaqədar Türkiyəyə səfər edəcək”,-deyə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən bildirilib.
“Milli Məclisin spikeri türkdilli ölkələrin Parlament Assabbleyasının yaradılmasını yüksək qiymətləndirib”,-deyə parlamentdən əlavə olunub.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıca istinadən verilən məlumat görə, türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasını nəzərdə tutan sənəd bu il noyabrın 21-də İstanbulda imzalanacaq.
Dörd ölkənin – Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan parlamentlərinin nümayəndələri 2008-ci ilin fevralında türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqda niyyət protokolu imzalayıblar. Protokola əsasən Parlament Assambleyasının sessiyaları hər il təşkilat üzvü olan ölkələrdən birində keçiriləcək. Assambleyada sədrlik sessiyanın keçirildiyi yerdən asılı olaraq həmin dövlətə ötürülücək. Protokolda həmçinin qeyd olunur ki, türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasında məqsəd dövlətlərarası və parlamentlərarası münasibətlərin gücləndirilməsi, siyasi baxışların koordinasiyası, təcrübə mübadiləsi, birgə layihələrin reallaşmasıdır.