Ermənistan və Türkiyənin xarici işlər naziri Edvard Nalbandyanla Əli Babacan iki ölkə arasında münasibətlərin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcəklər. Bu barədə “İnterfaks”a şənbə günü Ermənistan XİN-dən məlumat verilib.
"Ermənistanın xarici işlər naziri ölkənin QİƏT-də sədrliyi çərçivəsində noyabrın 24-də İstanbula birgünlük səfər edəcək. E.Nalbandyanın İstanbulda olmasından istifadə edən Türkiyə XİN başçısı görüşməyi təklif edib və bu təklif qəbul olunub", - deyə XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
O qeyd edib ki, münasibətlərin nizamlanması dedikdə, “biz ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını başa düşürük”.
Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Ermənistan-Türkiyə sərhədi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlanıb. Türkiyə münasibətlərin nizamlanması üçün şərt kimi Ermənistandan 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində səylərindən əl çəkməyi və qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı tələb edir.
Ermənistan ilkin şərtlər olmadan qonşu Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Sentyabrın 6-da Türkiyə prezidentinin Ermənistana ilk səfəri baş tutub. Abdulla Gül 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki ölkənin yığmaları arasında keçiriləcək oyunu izləmək üçün ermənistanlı həmkarı Serj Sarqsyanın dəvəti ilə İrəvana gedib.