Şənbə günü Azərbaycanda ədliyyə orqanlarının yaradılmasının 90 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
"Ədliyyə Nazirliyi normativ-hüquqi aktların ekspertizasını, uçot və dövlət qeydiyyatını həyata keçirir", - deyə ədliyyə naziri Fikrət Məmmədov mərasimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, nazirlik həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, qanun layihələrinin hazırlanması, normativ sənədlərə dair rəylərin verilməsi prosesində fəal iştirak edir, hüquqi maarifləndirmə sahəsində iş aparır.
F.Məmmədov çıxışında respublikada ədliyyə orqanlarının yaranma və inkişaf tarixindən, bu sahədə aparılan islahatlardan söz açıb. O əlavə edib ki, hazırda prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına böyük diqqət ayırır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında məhkəmə-hüquq sistemində islahatların aparıldığını qeyd edib. O, həmçinin respublikada üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini vurğulayıb.