İspaniyanın Valensiya şəhərində azərbaycanlıların diaspor təşkilatı yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diaspor ilə İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Valensiyada Azərbaycan diasporu “Elmira” adlı Azərbaycan-İspaniya Qardaşlıq Cəmiyyətini təsis edib”, - deyə çərşənbə günü Komitənin mətbuat xidmətindən bildirilib.
“Gülnarə Xanbabayevanın başçılıq etdiyi yeni diaspor təşkilatı Valensiya qubernatorluğu tərəfindən qeydiyyata alınıb”, - deyə komitədən əlavə olunub.
Cəmiyyətin yaradılmasında məqsəd Azərbaycan və ispan xalqları arasında əlaqələri möhkəmləndirmək, Valensiyadakı soydaşlarımızın İspaniya ənənələri ilə daha yaxından tanışlığını təmin etməkdir.
Yeni diaspor təşkilatının nəzdində özfəaliyyət dərnəkləri açılacaq, idman, mədəniyyət və digər mövzularla bağlı tədbirlər, mədəniyyət və tarix muzeylərinə ekskursiyalar təşkil olunacaq, Azərbaycanın milli bayramları qeyd ediləcək.
“Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti həmçinin azərbaycanlıların və başqa xalqların İspaniyada fəaliyyət göstərən digər diaspor təşkilatları ilə əlaqələr quracaq.
Bundan əlavə, Azərbaycan və ispan dili kurslarının açılması, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı seminarların keçirilməsi də nəzərdə tutulub.