Yanvarın 28-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun yazdığı balet 2005-ci ildə istedadlı baletmeyster Vəkil Osmanov tərəfindən səhnəyə qoyulub və bəstəkarın ad gününə (fevralın 4-ü) həsr olunub.
Baletdə Azərbaycan xalq mahnısı və rəqsləri klassik baletin elementləri ilə uğurlu şəkildə qarışır. Baletin librettosu “Dədə Qorqud” dastanının motivləri əsasında yazılıb və onun fəlsəfi məzmununu göstərir.
Tamaşada Azərbaycanın əməkdar artistləri Gülağası Mirzəyev, Kamilə Mirzəyeva, Samir Səmədov, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Təranə Muradova və Rüfət Xəlilzadə iştirak edirlər.
Xalq artisti Cavanşir Cavadov baletin dirijorudur.
Balet Moskva və Sankt-Peterburqda uğurla nümayiş olunub.