SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) “Zöhrab Vəliyev” mühəndis-geoloji gəmisi Xəzərin Türkmənistan şelfində tədqiqat aparacaq. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilib.
“Zöhrab Vəliyev” gəmisi Xəzərin Türkmənistan sektorundakı “Livanov Bankasi” yatağında mühəndis-geoloji araşdırmaların aparılması işlərinə cəlb olunub. Gəminin heyəti SOCAR-ın Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 15 mütəxəssisindən və 15 dənizçidən ibarətdir”,- deyə məlumatda vurğulanır. İşlərin görülmə müddəti haqqında açıqlama verilmir.
SOCAR-ın məlumatına görə, bu, adı çəkilən gəminin Türkmənistana üçüncü ezamiyyətidir. “Zöhrab Vəliyev” gəmisi əvvəllər “Livanov Bankasi” yatağında sualtı qruntun mexaniki özəlliklərinin tədqiqatını və statistik zondlaşdırma üzrə işləri həyata keçirib.
1985-ci ildə Rusiyanın Yaroslavl şəhərindəki hərbi gəmi zavodunda inşa edilən “Zöhrab Vəliyev” gəmisi çətin hava şəraitində açıq dənizdə 32 gün ərzində işləməyə qadirdir. Gəmidə
mühəndis-geoloji araşdırmaların aparılması üçün qazma qurğusu quraşdırılıb. Bu qurğu suyun 150 metr dərinliyində qazma işinin aparılmasına imkan verir. Aparılan təmir işlərindən sonra gəmidə Hollandiya və ABŞ istehsalı olan müasir geoloji və qazma avadanlıları quraşdırılıb.
“Livanov Bankasi” yatağı 1972-ci ildə azərbaycanlı geoloqlar tərəfindən kəşf olunub.