Xarici işlər naziri Elmar Məmmədyarovla Polşanın xarici siyasət idarəsi rəhbərinin müavini Ancey Kramerin çərşənbə günü Bakıda keçirilən görüşündə Azərbaycan-Polşa əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə ikitərəfli münasibətlərin intensivləşməsinin, həmçinin yüksək səviyyədə səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb. Neft sahəsində ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçirən tərəflər iqtisadi əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın işinin sürətləndirilməsinin əhəmiyyətini bildiriblər.
Görüşdə həmçinin Azərbaycanla Polşa arasında mədəniyyət və təhsil sahələrində əlaqələr, eləcə də iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlığı genişləndirmək məqsədilə gənc mədəniyyət xadimləri və diplomatlar arasında təcrübə mübadiləsinin davam etdirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
“Şərq tərəfdaşlığı” təşəbbüsünün irəli sürülməsində Polşanın xüsusi rolunu qeyd edən E. Məmmədyarov bu proqram çərçivəsində əməkdaşlığın qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib. O həmçinin Azərbaycanın qarşılıqlı investisiya səviyyəsinin artırılmasında və əlverişli biznes-mühitin yaradılmasında maraqlı olduğunu bəyan edib.