ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker rəsmi Bakı və İrəvanı Qarabağ münaqişəsinin tezliklə nizamlanması məqsədilə siyasi iradə nümayiş etdirməyə çağırıb.
“Problemi həll etmək lazımdır. Azərbaycanda 1 mln.Qaçqın və məcburi köçkün var. Onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Buna görə də münaqişənin həlli son dərəcə vacib işdir”,- deyə Q.Lenmarker fevralın 12-də axşam Bakıya gəlişi zamanı azərbaycanlı jurnalistlərə bildirib.
Onun fikrincə, Qarabağ probleminin həlli həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafı üçün şərait yaradacaq. “Əgər hər iki tərəf siyasi iradə göstərərsə, münaqişənin həlli mümkün olacaq.Vaxt gedir, ildən- ilə uzanan danışıqlar sona çatdırılmalıdır”, - deyə xüsusi nümayəndə vurğulayıb.
O qeyd edib ki, münaqişə regionuna məhz bu məqsədlə gəlib.
Q.Lenmarkerin rəsmi şəxslərlə görüşləri fevralın13-nə planlaşdırılıb.Onun ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, xarici işlər naziri Elmar Məmmədyarov,Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Bundan başqa Q.Lenmarkerin prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.
Q.Lenmarkerin Bakıya səfəri fevralın 14-də başa çatacaq.